19 iyul tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.
İşçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək iclasın gündəliyi haqqında məlumat verib. Sonra “Azərişıq” ASC-nin sədrinin müşaviri Fərruh Heybətov tərəfindən sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edən “Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası” üzrə cari ilin müvafiq dövründə görülmüş işlər, həmçinin İşçi qrupunun 2022-ci il üçün təsdiq olunmuş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə məlumat verilib. Daha sonra “Elektron Hökumət” portalı üzərindən göstərilən “Azərişıq” ASC-nin elektron xidmətlərinin analizi” barədə VXSİDA-nın “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Vüsal Rüstəmov, “KOB subyektlərində elektrik təchizatı şəbəkəsinə qoşulma prosesinin qiymətləndirilməsi barədə” KOBİA-nın Kiçik və Orta Biznesin tənzimlənməsi şöbəsinin müdiri Emin Abdullayev və həmin şöbənin məsləhətçisi Kənan İbrahimli, habelə “Bərpa olunan enerji mənbələri sahəsinə özəl sektorun cəlb edilməsi və əlverişli investisiya mühitinin yaradılması barədə” Energetika Nazirliyi yanında BOEMDA-nın Layihələrin icrası və monitorinqi şöbəsi müdirinin müavini Cəbrayıl Əliyev təqdimatla çıxış ediblər.
Eləcə də iclasın gündəliyində olan digər məsələlər haqqında nazirliyin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov, Hüquq şöbəsi müdirinin müavini Mürvət Babayev, Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin sektor müdiri Asəf Rzayev çıxış ediblər.
Tədbirdə, həmçinin Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” işçi qrupunda Energetika Nazirliyinin əsas icraçı olduğu tədbirlərin icrası barədə məsələlər də müzakirə olunub.